ANA ÜRƏYİ

+0 امتياز


ANA ÜRƏYİ


Mehriban nəfəsli məhəbbətində
Kim deyər xəsisdir ana ürəyi?
Xeyir, tükənməyən səxavətində
Üfüqsüz dənizdir ana ürəyi.

Bəzən od- alovlu şimşəyə bənzər,
Bəzən bir yanıqlı tütəyə bənzər.
Bəzən təzə, yumşaq ipəyə bənzər,
Əzizdən əzizdir ana ürəyi.

Yansa mənzil- mənzil işıq yayar o,
Soyusa övladı yetim qoyar o.
Yanmaqdan nə bezər, nə də doyar o,
Günəşlə əkizdir ana ürəyi.

Dəysə ayağına bir çaylaq daşı,
Göynəyər ananın qəlbinin başı…
Yıxılsan, yaranı yuyar göz yaşı,
Büllurdan təmizdir ana ürəyi.

O bir nərə çəksə döyüşdə əgər,
Dağlar, qarlı dağlar baş- başa dəyər.
Ay donar yerində, ulduz göz döyər,
Sanma ki, acizdir ana ürəyi.

Odur kəhkəşanı bütün zamanın,
Bizik ulduzları o kəhkəşanın…
Doğma sinəsində Azərbaycanın
Bakıdır, Təbrizdir ana ürəyi



  • [ ]