Xaqani Şirvani

+0 امتياز

Xaqani Şirvani

 


Haqqında:

Şairin adı İbrahim, atasının adı Əlidir. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adıdır.
Xaqani 1126-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri və paxılların münasibəti nəticəsində şair həbs edilir. Daha sonralar Xaqani Yaxın Şərq ölkərərində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin "Şairlər qəbiristanlığı"nda dəfn edilmişdir

Həyatı:

Xaqani 8 yaşında atasıni itirmiş, dövrünün məşhur alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayə və tərbiyəsi altında böyümüşdür.
Xaqani Şirvaninin Sənainin "Hədiqətül-həqiqət" əsərinin təsiri ilə "Həqayiqi" təxəllüsü ilə yazdığı şerlər ona şöhrət qazandırmışdır. 25 yaşında ikən Şirvanşahların məliküş-şüərası Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şerlər yazmışdır.
Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmuşdu. Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçmüş, ömrünün sonunadək orada yaşamış və bu şəhərdə vəfat etmişdir. Təbriz yaxınlığında sonralar "Məqbərətüş-şüəra" adlandırılan Surxab qəbristanlığında dəfn olunmuşdur. Dahi Nizami Gəncəvi Xaqani Şirvaninin vəfatı münasibəti ilə mərsiyə yazmışdır.
Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir. "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür. Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir. Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.
Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da şerə gətirdiyi bir sira yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil etmişdir.
Xaqaninin əsərlərinə Şərqin bir çox görkəmli şairləri nəzirələr yazmışlar. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olmuşlar. Azərbaycan alimləri akad. Həmid Araslı, Qafqaz Kəndli-Herisçi və Məmmədağa Sultanov şairin həyatını və yaradıcılığını öyrənməkdə dəyərli işlər görmüşlər.
Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.
Əsərləri Hindistanda, İranda dəfələrlə çap edilmişdir. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb etmiş, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilmişdir.



Yaradıcılığı:
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şerlər divani, "Töhfətul-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şerlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şerləri və "Töhfətul-İraqeyn" poeması daxildir. "Kitabi-Dədəm Qorqud" eposunun bizə gəlib çatmış əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsrdə Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.
İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.
Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir. Şairin məzarı Təbrizin Sürxab qəbiristanlığındakı "Şairlər məqbərəsi" adlanan yerdədir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

Əsərləri:

Ey Xaqani, bu dünyada hər zaman,
Anan vermiş zəhmətilə sənə can.

Su, çörəyin qıt olsa da atmadın, -
Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,
Kömək aldın allahdan nə anandan.

Sən oturdun kölgə kimi ananın
Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq
Ana yurdu vücuduna aşiyan?

Nə vaxtadək, İsa kimi atasız, -
Ana ilə tanısınlar səni? Qan!

Bir dəfə də Xzır kimi yoxa çıx,
Bəsdir oldun ananla həmxaniman!

Sən qiymətli bir dürrsən, nədəndir
Oldun ana astanasından pünhan?

Sən ağıllı övladsansa dilə gəl,
Ana kimi özünü danla bir an.

Hər nə etsən ana haqqın unutma,
Bil, anandır sənə edər can qurban.

Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözüb, sən ol mehriban.

Qorx o gündən, bir gün səni tək qoyub,
Əbədilik anan köçər dünyadan.


***

Çox ağırdır xasiyyəti mənim nəccar atamın,
Onu xalis yanar oddan yaratmış pərvərdigar.

Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,
Ona təlim verən usta olmuş Yusifi-nəccar.

Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,
Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

Hər gün fələk sitəmindən o eyləyir şikayət,
Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

Mərrix əgər olsa idi sakin birinci göydə,
Dərhal ona əl uzadıb, vurardı iki mismar.

Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel
Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

Köhnəlmişdir lıkka kimi dərisində vücudu,
Əti sanki bədənində əprimişdir aşikar.

Nə üzündə səfası var, nə başında sevdası,
Hamımızın üzərində ağır bir yükə oxşar.

Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,
Minarə tək baş qaldırıb atam edir iftixar.

Zəmanənin mən ki belə ən layiqli oğluyam,
Osa mənim hünərimi özü üçün bilir ar.

Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
Olmayaydı söz mülkündə belə qabil sənətkar.

Nə etməli, atam odur bir oğulam ona mən,
Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

Axır mənə çörək verib bəsləmişdir birtəhər,
Böyük allah, qoru onu, bəlalardan çək kənar.


***

Bu göylər şahının lütfü mənə sayə salıb əlan,
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
Dararkən başını bir tük yerə saldı o, başından.

Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.

Buna Xaqaninin halı, onun Abxazə ezamı
Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya
Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,
Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,
O, halbuki quru sözlə olardı nəşəli, xəndan.

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.


***

Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə fanilikdən azad oldu əbədi.

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman
Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –
Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
 



  • [ ]